Azərbaycanda narkomaniya niyə artır?.. – AKTUAL


Azərbaycanda narkomaniya niyə artır?.. – AKTUAL

Səbəblər müxtəlifdir

Narkotik vasitələrdən Azərbaycanda ta qədim əyyamlardan üzü bəri daim istifadə olunub. Ancaq necə, hansı məqsədlə, bu tamam başqa məsələdir, yəni son 20 il ilə müqayisədə.
Yaşlı adamlar danışırlar ki, qədim zamanlarda, eləcə də sovet dönəmində kənd yerlərində yaşayan ailələrin bir çoxlarının evlərində az miqdarda tiryək saxlanılarmış ki, bundan da müalicə məqsədilə istifadə olunarmış. Belə ki, ara həkimləri bu maddə vasitəsilə qarın ağrısı, diş xəstəlikləri kimi ağrıların qarşısını alarlarmış. Hətta çox ağlayan, kiriməyən körpələrə tiryəkdən hazırlanmış az faizli “xuyyar” adlanan maye verilirmiş ki, bu da onlara möhkəm yuxu gətirərmiş. Əslən bərdəli 95 yaşlı Rəbiyyə arvad nəql edir ki, bu gün xərçəng kimi adlandırılan xəstəlikdən o dövrlərdə əziyyət çəkən xəstələrə də tiryək verilərmiş. Bu da onlarda baş qaldıran dəhşətli ağrıları yüngülləşdirərmiş. Bir sözlə, qədim zamanlarda, yola saldığımız XX əsrin 70-ci illərinə kimi tiryək kimi tanınan narkotik maddədən əsasən ağrıkəsici kimi istifadə edilər, varlı, imkanlı adamlar isə yaxşı yeyib-içdikdən sonra anaşa çəkərək xumalanarmışlar. Onu da əsasən yaşlı adamlar, özü də hər gün yox.
Gəlin etiraf edək ki, bu sahədə bugünkü Azərbaycanla əvvəlki Azərbaycan arasında yerlə göy arası qədər fərq var. Lap açığı bugünkü Azərbaycanda narkomanlığa meyl artıq orta məktəb şagirdlərinə də sirayət edib. Bu gün Azərbaycanın türmə və həbsxanalarında cəza çəkənlərin əksəriyyətini narkomanlıq xəstəliyinə tutulan yeniyetmə gənclərimiz təşkil edirlər. Çox təəssüflə olsa da onların arasında günahsız, məsum qızlarımız da var. Onlar gözlərimiz önündə məhv olub gedirlər. Niyə? Niyə bu ağ ölümün qarşısını almaqda dövlətlər acizdirlər? Haradan gəlir bu bəla Azərbaycana?
Bununla əlaqədar suallar çoxdur. Gəlin faktlara nəzər salaq. 2011-ci ildə “Xaş-xaş 2011” əməliyyatı nəticəsində 1174. 361 hektar sahədən 336 ton 777 kq 301 qram çətənə və xaş-xaş kolları aşkar edilərək yandırılıb. Bu da 2010-cu illə müqayisədə 5 ton azdır. Ümumilikdə 2011-ci ildə hüquq-müqafizə orqanları tərəfindən 2921 fakt üzrə 1 ton 549 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. DİN 2636 cinayət faktı üzrə 557 kq-dan artıq, MTN 33 cinayət faktı üzrə 606 kq-dan atrıq, Dövlət Gömrük Komitəsi 138 cinayət üzrə 227 kq-dan artıq, Dövlət Sərhəd Xidməti 114 cinayət faktı üzrə 159 kq-dan artıq müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Bunlar bir neçə qrupa bölünür. Kannabioidlər qrupundan olan narkotiklərdən marixuana və həşişin az hissəsi Azərbaycanda istehsal olunur. Digər narkotik vasitələr və psixotrop maddələr, o cümlədən güclü təsirə malik heroin, tiryək, kokain yerli bazara əsasən Əfqanıstan, İran, Orta Asiya respublikalarından gətirilir və buradan da ölkəmizdən tranzit kimi istifadə olunaraq Avropaya daşınır. Bu da beynəlxalq aləmdə Azərbaycanın imicinə möhkəm zərbə vuran amillərdən başlıcasıdır.
Bundan əlavə, keçid dövrünün sosial-iqtisadi problemləri, miqrasiya prosesləri narkotiklərin qeyri-qanuni dövriyyədinə qarşə mənfi təsir göstərir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faizə qədər ərazisinin işğalı, Azərbyacanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistan Silahlı Qüvvələrinin nəzarət etməsi nəticəsində həmin ərazilərdən Avropaya, o cümlədən, Qara Dəniz hövzəsi ölkələrinə, habelə digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. Eləcə də işğal altında olan Azərbaycan torpaqlarında narkotiklərin istehsal edilməsi və onun satışından əldə edilən küllü miqdarda gəlirlə ermənilər terrorçu qrupların yaradılmasına rəvac verirlər.
Bu yaxınlarda İranın Azərbaycanlılar yaşayan hissəsində qonaq olmuş bir nəfər həmkarımın dediklərini olduğu kimi təqdim edirəm:
-İranda bir çox ailələrdə qonaq oldum. Süfrəyə bir qayda olaraq həm spirtli içkilər, həm də tiryək qoyulurdu. İranlılar spirtli içkilərdən çox, tiryəkə meyllidirlıər. Tiryəki kiçik manqal üzərində qızdırdıqdan sonra demək olar ki, hamı tüstülədir. Ata, oğul, qardaş və ya hər kim olursa-olsun fərqi yoxdur. Dövrələmə oturmuş bir çox insanların tiryəkçəkmə məclisi mənim üçün çox maraqlı idi. Otağı yavaş-yavaş tüstü bürüyür, sifətlər allanır. Gözlər xumarlanır, çay isə necə deyərlər, “xorta-xortla” içilirdi. Bunu mənə təklif etsələr də, istədiklərinə nail olmadılar. Sonra həyətə çıxdım, bir müddət təmiz hava qəbul edib geri döndükdə sırada qalanlar azalmışdı. Çoxu artıq kiçik mütəkkələrə söykənərək xoruldayırdılar. Onu da qeyd edim ki. İranda da satılan tiryəklər əsasən Əfqanıstandan gətirilir və deyilənlərə görə yüksək keyfiyyətinə görə çox fərqlənir. Azərbaycana isə keyfiyyətsizi ötürülür. Cinayətkarın milliyyəti olmaz. Yəni İranlı müsəlman din qardaşlarımız bu sahədə həqiqətən də ermənilərlə sıx əməkdaşlıq edərək işğal altında olan ərazilərimiz vasitəsi ilə güclü narkotika alveri ilə məşğuldurlar. Bunu onlara irad tutanda: -Bizə nə baba? Ermənilər sizin torpaqlara yiyələniblər, siz də gedin geri qaytarın. Biz isə onlarla qonşuyuq, alver edib pul qazanırıq, firavan dolanırıq. Bunun biz üçün nəyi pisdir?-dedilər.
Buradan belə nəticəyə gəlmək olur ki, İran hakimiyyət orqanlaqrı özləri də belələri üçün münbit şərait yaradırlar, “lazımlı adamlara” qəsdən əl vurmurlar. Bununla da həm öz cəmiyyətlərini, həm də dini bir, dili bir qardaşlarının mənəviyyatına böyük ziyan vururlar. Nədənsə İranın “Səhər-1” telekanalı ölkəsindəki belə eybəcər hallar baredə danışmaqdansa susmağı üstün tutur.
Ötən əsrin II yarısında hüquq-mühafizə orqanlarında 40 il işləmiş, hazırda təqaüdçü zabitlərimizdən birindən aldığım bilgini təqdim edirəm:
-Sovet dönəmində sərhədlər yaxşı qorunurdu. İranla aramızda gəliş-gediş olduqca az idi. Bütün bu eybəcərliklərin hamısı 80-ci illərin sonlarından başladı və elə narkotik maddələrin də Azərbaycana güclü axını həmin illərdə peyda oldu. Yəni müstəqil dövlətimizin özünün müstəqil sərhəd və gömrük sistemi fəaliyyətə başladıqdan sonra narkotik maddələrin Azəbaycana gətirilməsi faktları çoxaldı və bu gün bu xalqımız üçün dəhşətli bəlaya çevrilib. Onu da qeyd edim ki, sərhəddə
saxlanılan narkotikanın miqdarı Azərbaycana “qanunsuz” yolla daxil olanla müqayisədə dəryada damlaya bənzəyir. Hamı da günahkar axtarır. Bəs, kimdir günahkar?
Belə yerdə deyirlər:
-Bəs haraya baxır dövlət büdcəsindəın yüksək maaş alan sərhəd xidməti, gömrük işçiləri? Bəs televizorda danışan yüksək sərhəd və gömrük məmurları həmişə vurğulayırlar ki, sərhədlərimiz etibarlı əllərdədir…
Az da olsa qeyd olunanlar barədə düşünməyə dəyər. Yəni Azərbaycanda narkomaniya niyə artır, bunun səbəbləri nədir, kimlərdir.
Müəyyən aylarda milli və dini bayramlarla bağlı MDB ölkələri ərazisindən orada işləyən və narkotiklərdən istifadə edən Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması yerli qara narkotik bazarında təklifi artırır. Bu səbəbdən də hər il Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Yevlax və s. böyük şəhərlərdə narkotik alveri və narkotiklərlə bağlı törədilən cinayətlərin sayı artır. Yerli əhalidən başqa narkotik vasitələrin satışı ilə digər ölkələrin vətəndaşları da məşğul olur. Baxmayaraq ki, son illərdə Azərbaycanda digər ölkələrə getməklə bağlı pasport-visa və digər proseduralar güclənib. Göründüyü kimi səbəblər çox olsa da narkomaniyanın və narkoticarətin artmasının başlıca və əsas səbəbi kimi respublikamızda olan sosial-iqtisadi problemləri göstərmək olar. Son dönəmdə dünyanın maliyyə böhranına yuvarlanması, bunun Azərbaycandan yan keçməməsi, böyük biznes şirkətlərinin müflisləşərək bağlanması və nəticədə işsizlər ordusunun artması da narkoticarətin çiçəklənməsinə, narkomaniyanın çoxalmasına müsbət təsir edir.
Bu sahədə çalışan tanıdığım bir həkimlə söhbət zamanı bildirdi ki, narkomanlığa mübtəla olduqdan sonra onunla mübarizə aparmaq olduqca çətindir və nadir hallarda belələri tam sağalaraq sağlam halda cəmiyyət arasına qayıdır. Heroin, kakoin kimi narkotik maddələr olduqca bahadır. Adətən imkanlı, pullu adamlar belə vasitələrdən istifadə edirlər və bir çox hallarda ağ ölümün qurbanına çevrilirlər. Adını çəkmək istəmədiyi adlı-sanlı ailənin başçısı, yaxın keçmişdə nazir postuna bərabər vəzifə sahibinin birinin belə qurbanlardan olduğunu söylədi.
Nisə Rafiqqızı

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir