
Bəşəriyyət “ağ ölüm”ün ağuşunda
Azərbaycanda 26716 nəfər narkoman var

Narkotik aslılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. İyirminci yüzilliyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək, fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilib.
Ekspert, “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Əhməd Abbasbəylinin fikrincə, narkomaniya hər şeydən əvvəl insanların sosial mühitə adaptasiyasında problemlər yaşanmasına şərait yaradır. Bir çox hallarda cəmiyyət tərəfindən qəbul edilməyən insanlar xilas yolunu narkotik maddələrin qəbulunda tapırlar. Onlar narkomana çevrilməklə sanki dərd-qəmlərini unutmaq, bununla cəmiyyətdən heyf aldıqlarını düşünürlər. Bir qism insanlar sosial-iqtisadi çətinliyə dözməyərək, narkotik maddələrin qanunsuz ticarəti ilə pul əldə etməyə meyllənirlər. “Psixoloji araşdırmalar başqa bir maraqlı məqamı da üzə çıxarıb. Məsələn, insanın narkotik maddəyə aludəçiliyinin onun dünya malına kökdən gələn meyli ilə bağlı ola biləcəyini. İnsan hər hansı dünyəvi faktora (yaradıcılığa, intim həzzə və ya pula) son dərəcə aludə olanda, narkomanlığa qurşana bilir. Narkotik maddənin qəbulu şüuru korlaşdırdığına görə, insan psixoloji olaraq aludə olduğu amilləri bir növ unutmuş kimi olur. Bu elə bir problemdir ki, ciddi öyrənilməsinə, tədqiq olunmasına həmişə ehtiyac var və problemin həllində elektron, eləcə də, yazılı KİV-in rolu çox aktual görünür”.
Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin Azərbaycanda vəziyyəti və narkotik vəsitələrin ümumi çəkisi rəsmi qaydada aşkar olunmuş və bu qəbildən olan cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən savayı, təqribi hesablamalara əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunmalı, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilməlidir.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova mətbuata açıqlamasında bildirib ki, yalnız 2011-ci il ərzində 1999 nəfər narkoman kimi qeydiyyata alınıb. Hazırda Azərbaycanda 26716 nəfər narkoman var. 2010-cu ildə isə bu rəqəm 25489 nəfər olub. Azərbaycanda qeydiyyata alınan narkomanların 511 nəfəri qadınlardır. Əvvəlki illərlə müqayisədə ölkədəki qadın narkomanların sayında elə ciddi dəyişiklik olmayıb. Narkomanlar arasında daha çox 40-59 yaş arası olan kişilər üstünlük təşkil edir. Ölkədə bu yaşda 12791 narkoman var. Respublikadakı narkomanların 4979 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Qeydiyyata alınan narkomanlar arasında yaşı 18-dən aşağı olanlar yoxdur. Yaşı 18-dən aşağı olanlardan yalnız 2 nəfər toksikoman kimi qeydiyyata alınıb.
Doğrudur, son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə və nəzarət xeyli güclənib. Bu nəzarət hansı formada aparılır, bunun üçün real şərait varmı? Yaxud narkomanı nəzarətdə saxlayıb, onu məsuliyyətə cəlb etmək nə dərəcədə düzgün addımdır?
Məsələn, Rusiyada narkotika istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək praktikası yoxdur. İstifadəçilərə ya cəzaçəkmə müəssisəsində məcburi müalicə, ya da azadlıqda özünün könüllü müalicə təklif olunur. Bu iki yoldan birini narkotik istifadəçisi mütləq seçməlidir. Amma Azərbaycanda heç bir reabilitasiya mərkəzi, reabilitasiya proqramları yoxdur.
Ekspertlər Azərbaycanda narkotikin müayinəsi üçün yalnız Respublika Narkoloji Dispanseri və Şəhər Narkoloji Dispanseri fəaliyyət göstərdiyini qeyd edirlər. Regionlarda isə ümumiyyətlə, belə dispanserlər də yoxdur və bu xidmətlər ancaq poliklinikaların bir şöbəsi kimi fəaliyyət göstərir. Reabilitasiya proqramlarından isə söz açmağa dəyməz.
Narkoloji dispanserlərdə bir aya yaxın müddət ərzində yalnız müəyyən ağrıları aradan götürürlər, xəstələrə müəyyən psixoloji dəstək göstərirlər. Ancaq reabilitasiya dedikdə kompleks tədbirlər proqramı nəzərdə tutulur. Bunun üçün isə 25-26 gün kifayət eləmir. Burada həm tibbi, həm qeyri-tibbi yollardan istifadə olunmalı, ailə üzvlərinin dəstəyi olmalıdır və s.
Ekspertlər düşünür ki, nə qədər Azərbaycanda reabilitasiya proqramları yoxdur, dövlət tərəfindən də bu məsələ hələ ki diqqətdən kənarda qalıb, biz narkomaniya ilə mübarizə sahəsində işlərimizi effektiv həyata keçirə bilməyəcəyik. Ona görə də çalışmalıyıq ki, əsasən gəncləri bu bəladan qoruyaq, qoruya bilmədikdəsə, onları xəstə kimi qəbul etməyi bacaraq, çünki onlara cəza tətbiq etməklə cəmiyyətdən təcrid etmək olmaz.
Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac var. Narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.
SSRİ dövründə yaşadığımız 70 il ərzində narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmış, nəticə etibarilə asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin qol-qanad açmasına öz laqeydliyimizlə şərait yaratmış, antinarkotik təbliğat və maariflənməyə isə məhəl də qoymamışıq. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bir sıra problemlər kimi narkomaniyanın üzərindən də pərdələr götürüldü və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi hazırda da ön plandadır. Bir sözlə, problemə münasibətdə başlayan yeni mərhələ davam etməkdədir. Şərti olaraq “yeni” adlandırdığımız həmin mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkomaniyaya qarşı mübarizədə bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığını artırmalıdırlar.