qhtxeber.az// “Rezonans” Gənclərin İctimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərin seçkilərdə fəallığının artırılması məqsədi ilə təşviqat kampaniyasının aparılması (sosial çarxların hazırlanması)” layihəsinə start verir.
qhtxeber.az-ın məlumatına görə, layihənin məqsədi 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində seçicilərin, xüsusi ilə gənclərin bu prosesdə fəal iştirakçı olmasına yardım etməkdir. Digər tərəfdən, bu il ilk dəfə səs verəcək minlərlə gənci də prosesə cəlb etmək, seçki hüququndan azad və sərbəst şəkildə istifadə etmək üçün şəraitin yaradılmasına yardımçı olmaq əsas məsələlərdəndir. Ümumiyyətlə, bu siyasi prosesi gənclərin həyatında ələmətdar, yaddaqalan günə çevirmək missiyasını bu layihə vasitəsi ilə həyata keçiriləcək.
Layihədə xüsusi hazırlanmış sosial çarxlardan istifadə olunacaq və həmin çarxlar televiziya kanalları vasitəsi ilə nümayiş etdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində ölkənin bir neçə ərazisində yaşayan gənclərə prezident seçkiləri barədə məlumatlar veriləcək, onların seçkilərə cəlb edilməsi və fəal iştirakına nail olmaq üçün təşviqat aparılacaq.
Qeyd edək ki, bu tədbirlər vasitəsi ilə minlərlə gəncə təsir etməklə yanaşı, digər tərəfdən seçki hüquqi əldə etmiş və ilk dəfə seçkilərdə iştirak edəcək gənclərlə bağlı da proqram hazırlanacaq.