Bəşəriyyətin bəlası

Bəşəriyyətin bəlası

Cəmiyyətdə, xüsusilə, yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması üçün maarifləndirmə və təbliğat işlərinə diqqət yetirilməlidir

 Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrin də ardıcıl qlobal problemləri sırasında qalmaqdadır. BMT-nin hesablamalarına görə bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada  əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Amma bütün halarda bu bəlaya qurşananların dəqiq sayını məlum etmək qeyri-mümkündür.  Həyəcan doğuran bu rəqəm problemin getdikcə daha kəskin şəkil almasına dəlalət edir. Və bu statistikanı geriyə çevirmək üçün qlobal bir layihə hazırlanmalıdır. Konkret olaraq desək narkomaniya artıq ümumibəşəri poroblemə çevirlib. Buna bəşəriyyətin bəlası da demək olar…

Narkotiklərdən istifadə, gəlirlərin itirilməsinə, tibb xidmətlərinə görə böyük xərclərə, ailələrin dağılmasına, cəmiyyətin  cırlaşmasına səbəb olur. Xüsusilə, narkotiklərin inyeksiya yolu ilə istifadəsi dünyanın bir çox yerlərində (o cümlədən  Azərbaycanda, statistik məlumarlara görə ölkəmizdə AİDS virusu daşıyıcılarının təxminən 80% narkomanlardır) AİDS-in və hepatitin yayılmasını sürətləndirir.

Həmçinin narkomaniya və cinayətkarlığın artması arasında bir başa əlaqə var. Narkobiznes dövlət hakimiyyətini laxladır, qanuni biznesi pozur. Narkotiklərin qeyri-qanuni dövriyyəsindən əldə olunan gəlir çox zaman ən qanlı konfliktlərin, bəzi terror təşkilatlarının maliyyələşdirilməsinə sərf olunur. Ümumiyyətlə, narkotiklərin ziyanı barədə çox yazmaq olar. Yalnız bəzi statistik rəqəmlər  kifayətdir ki,  bu bəlanın gələcək üçün nə dərəcədə təhlükəli olması əminlik yaransın.

Məlumdur ki, bu bəla gənclər üçün xüsusi təhlükə kəsb edilir. Məktəblilər arasında aparılmış tədqiqat göstərir ki, 13-14 yaşında uşaqların 40-50%, 16 yaşında isə 70-80% alkoqollu içkiləri dadmağa başlayır,  müvafiq olaraq narkotik və digər psixotrop maddələrə isə 13-14 yaşlı uşaqların 2-4%, 16 yaşlı yeniyetmələrin isə 15-30% meyl göstərməyə başlayırlar. Bəzi ölkələrdə aparılmış sorğunun nəticəsinə görə 15-17 yaşında yeniyetmələrin 5 nəfərindən biri heç olmasa bir dəfə narkotik vasitədən istifadə edib. Bizim ölkədə bu rəqəmlər bir az fərqli olsa da, ciddi müdaxilələr olmasa tendensiya, narkotik alverinin inkişafı ölkəmiz üçün də heç də nikbin olmayan nəticələr vəd verir. Təkcə bu ilin altı ayının statistikasına nəzər yetirək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu müddətdə qanunsuz dövriyyədən 317 kiloqramdan artıq narkotik vasitə götürülmüş, 27 kq-dan artıq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1257 nəfərdən 1146-ı (91,2%) əmək qabiliyyətli işləməyən və oxumayan, 355-i (28,2%) əvvəllər cinayət törətmiş şəxs, 23-ü (1,8%) qadın, 2-i (0,2%) yetkinlik yaşına çatmayandır.

 

         “Rəsmi qeydiyyatda olmayan narkomanların sayı minlərlədir”

 

Tədqiqatlar göstərir ki, yeniyetmələrin əksəriyyəti ətrafın diqqətini cəlb etmək, daha böyük görsənmək, daha cəsarətli, müstəqil təsiri bağışlamaq və öz kommunikabelliyini artırmaq üçün narkotiklərdən istifadə edirlər. Bu səbəbdən də əksər hallarda yeniyetmələr narkotikləri həmyaşıdlarının toplaşdığı yerə getməzdən əvvəl və ya bir başa müxtəlif  gənclər tədbirlərinin, “gecələrin” keçirildiyi yerlərdə (klublar, diskotekalar, barlar və s. ) qəbul edirlər.

Narkomaniyanın sürətli yayılmasının səbəbləri kimi, müntəzəm, uyğun ideologiyanın, güclü, nüfuzlu gənclər təşkilatlarının olmamasını, gənclər arasında kütləvi işsizlik göstərilir. Lakin ən əhəmiyyətli faktorlardan biri də narkobiznesin mütəşəkkil fəaliyyətidir ki, bu fəaliyyət gənclərin formalaşmasına yönəlmiş, onun inkişafına, dünaygörüşünə təsir edir, gənclər üçün narkotiklərin imicinin cəlbediliciyi təbliğ edilir, forlaşdırılır. Hətta narkotiklərin qəbulunun “ideallaşdırılması”, az qala “qəhrəmanlıq” səviyyəsinə qaldırılması baş verir. Bu istiqamətdə təbii ki, bədii filmlər, televiziya, və KİV-lər xüsusi rol oynayır.

Eyni zamanda qeyd etmək lazımdır ki, bütün dünayada bu bəlaya qarşı mübarizə aparan qüvvələr də az deyil. İstər beynəlxalq səviyyədə, istərsə də, ayrı-ayrı ölkələrdə bu istiqamətdə konkret tədbirlər həyata keçirilir. Ölkəmizdə də bu sahədə xeyli işlər görülüb. Belə ki, Azərbaycan 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixontrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla  bu cinayətlərə qarşı mübarizədə  öz üzərinə mühüm vəzifələr götürüb. 2007-ci ilin 28 iyununda isə prezident tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Proqram” təsdiq edilib.

Lakin rəsmi hesablamalara görə, Azərbaycanda narkomanların sayı ildən-ilə artır. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə, bu artım hər il 100 nəfər təşkil edir. E.Ağayev fikincə,  rəsmi qeydiyyatda olmayan narkomanların sayı isə minlərlədir.

Onun sözlərinə görə, Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var: “Bu, bizi narahat edir. Bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır”. E.Ağayi deyir ki, Səhiyyə Nazirliyi narkotik, psixotrop maddələrin, onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət edən əsas qurumdur: Bu gün səhiyyəmizi narkotik, psixotrop maddələrsiz də təsəvvür edə bilmərik. Narkotik və psixotrop vasitələrin qeyri-qanuni istifadəsi artıq dünyada ən çox gəlir gətirən sahələrdən birinə çevrilib. Ona görə də hamı – valideynlər, şagirdlər də bu məsələdə aktiv olmalıdır”.

Respublika Narkoloji Mərkəzin direktor müavini Aytən Səmədova isə qəzetimizə bildirdi ki, 2012-ci ilin yanvarın 1-ə olan məlumata görə respublikamızda qeydiyyatda olan narkomanların sayı  26716 nəfərdir. A.Səmədova dedi ki, onlardan da 511 nəfəri qadındır. Direktor müvaininin fikrincə, narkomaniya ilə mübarizə ilk olaraq ailədən, məktəbdən başlamalıdır.

O, narkomaniyanın Azərbyacanın əsasən cənub bölgəsində, eləcə də Şirvan, Hacıqabul, Səlyan rayonlarında yayıldığını qeyd etdi.

 

               Narkomaniyanın yayılmasının qarşısnı necə almaq olar?

 

Hal-hazırda müvafiq dövlət qurumları ilə yanaşı, bir sıra ictimai qurumlar da narkomaniyaya qarşı mübarizədə fəal iştirak etməyə başlayıblar. Narkotizmlə Mübarizə İctimai Birliyinin sədri Zaur Adıgözəlov bizimlə söhbətində Azərbaycanda, ümumiyyətlə, narkomaniyaya qarşı mübarizənin yaxşı qurulduğu bildirdi. O, Azərbaycanda dünyanın heç bir ölkəsində olmadığı kimi dövlət səviyyəsində bu məqama diqqət göstərildiyini dedi: “Azərbaycanda dövlət səviyyəsində bir komissiya var, işçi qrupu var, bu sahə ilə məşğul olan QHT-lərə dövlət maliyyə ayırır. Bundan başqa, Daxili İşlər Nazirliyinin müvafiq idarəsi var, Gənclər və İdman Nazirliyi gənclər təşkilatları arasında narkomaniyaya qarşı mübarizə aparmaq üçün müxtəlif tenderlər elan edir. Yəni dövlət səviyyəsində bu işlər var. Başqa heç bir ölkədə narkomaniya ilə bağlı dövlət komissiyası yoxdur”.

Azərbaycanda narkomanların sayının artmasını isə həmsöhbətimiz belə izah edir: “Məsələn, bu yaxınlarda yol hərəkətləri ilə bağlı qaydalar sərtləşdirildi, cərimələr artırıldı. Amma gəlin görək, bu əhali qanunların sərtləşdirilməsindən, aparılan maarifləndirmə işindən nəticə çıxarır?! Azərbaycanda narkomaniya cinayətkarlığına qarşı əsrin əvvəllərindən çox ciddi şəkildə mübarizə aparılır, maarifləndirmə işi həyata keçirilir. Amma bundan nəticə çıxarılır? Ümumiyyətlə, narkomaniyaya qarşı müharibəni qalibsiz müharibə adlandırırlar. Yəni burda müharibənin konkret nəticəsi olmur. Aparılan işlər, görülən tədbirlər, maarifləndirmənin bir nəticəsi var ki, heç olmasa, bu halın çoxalmasının qarşısı alınsın. Amma bunun birdəfəlik qarşısının alınması qeyri-mümkündür”.

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abasbəyli qəzetimizə açıqlamasında sevindirci hal kimi qeyd etdi ki, onlar bir neçə il öncə bu istiqamədə fəaliyyətə başlayarkən, laqeydlik, biganəlik hiss olunurdusa, artıq diqqət artmaqdadır: “Narkomaniyanın profilaktikası  yalnız daim “Narkotikdən istifadə zərərli və təhlükəkidir!” şüarını təntənə ilə elan etmək deyil. Profilaktika hər şeydən əvvəl gündəlik gərgin işdir. Elə etmək lazımdır ki, gənclər özləri onlara təklif olunan narkotikdən imtina etsinlər, şüurlu şəkildə narkomaniyaya cəlb etməyə müqavimət göstərsinlər”.

Onun dediyinə görə, beynəlxalq aləmdə, idman narkonaiyaya qarşı real, səmərəli altrenativ hesab edilir. “Birmənalı olaraq demək olar ki, idmanla məşğul olan yeniyetmə narkotiklərin istehlakını formalaşdıran narkobiznesin təsirinə ən az meyllidr. Beynəlxalq təcrübə göstərir ki, narkomaniyaya qarşı mübarizə işinə gənclərin kumiri olan, görkəmli idmançıların cəlb edilməsi, onların şüaruna çox effektiv təsir edə bilər və narkomaniyanın gənclər arasında yayılmasının  qarşısını əhəmiyyətli alınmasına səbəb olar. Bütün vasitələrlə, o cümlədən kütləvi informasiya vasitələrinin köməyi ilə sağlam həyat tərzinin təbliğini gücləndirmək, bu işə tanınmıış idmançıları cəlb etmək, yaşayış yerləri üzrə, təhsil müəsisilərində və istirahət yerlərində bədən tərbiyəsi və idman işinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq lazımdır”.

 

Bu problemin həllində cəmiyyətin hər bir təbəqəsi fəallıq göstərməlidir

 

Qeyd etdiyimiz kimi Azərbaycan dövləti tərəfindən narkomaniya əleyhinə daimi qabaqlayıcı tədbirlər görülür. Lakin bu məsələdə Azərbaycan üçün ən narahatedici məqam ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdən narkotik maddələrin tranzit kimi istifadə edilməsidir. Eyni zamanda bu ərazilərdə narkomafiyanın əkin sahələri və laboratoriyaları vardır. Azərbaycan hüquq-mühafizə orqanları ölkə daxilində narkotika satıcısı və istifadəçiləri ilə mübarizə aparsa da, həmin ərazilərdə bu istiqamətdə iş apara bilmir. Bu da Azərbaycan haqqında çaşqınlıq yaradan həqiqətlərə yol açır. Bu və digər problemlərin aradan qaldırılması istiqamətində Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisi də ciddi araşdırma və tədqiqatlar aparır. Təşkilatın rəhbəri Məzahir Əfəndiyev bizimlə söhbətində bildirdi ki, Dağlıq Qarabağ işğal altında olduğu üçün qonşu dövlətlər tərəfindən olan müxtəlif qüvvələr burada qeyri-qanuni fəaliyyətlər həyata keçirirlər: “Eləcə də bu fəaliyyətlərin də tərkib hissəsi məhz narkotiklərin qeyri-qanuni dövriyyəsidir. Son 10 ildə müşahidə etmişik ki, Əfqanıstanda istehsal olunan narkotiklərin bazarı bilavasitə Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlər və Avropa ölkələridir. Narkomafiya çalışır ki, daha çox mənfəət əldə etsin. Bunun üçün də qeyri-qanuni fəaliyyətə əl atırlar. Belə olanda da daha çox nəzarətsiz ərazilər, münaqişə ocaqaları seçilir ki, məhz oradan istifadə edərək daha az sərfiyyat edib mənfəət əldə edilsin. Bu baxımdan da istər beynəlxalq narkomafiya, istərsə də narkomafiyanın terrorist quruplaşmaların fəaliyyətini “dəstəkləyən” ölkələr var ki, onlar buna göz yumurlar və ya şəarit yaradırlar. Dağlıq Qarabağ da belə məkanlardan biridir”.

Onun sözlərinə görə, Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyinin dəstəkləməsi, bilavasitə terrorizmi, narkomafiyanı dəstəkləməsi kimi xarakterizə olunmalıdır: “Biz mütəmadi olaraq bu məsələlərin qaldırılmasına nail olmuşuq. İstər Azərbaycanın ali hakimiyyəti, istər Azərbaycanın hüquq-mühafizə orqanları beynəlxalq tədbirlərdə bu kimi məsələlərə diqqəti cəb ediblər. Amma təəssüfedici məqam ondan ibarətdir ki, bu günə qədər bu məsələləri ancaq elan etməklə, ancaq məlumat kimi çatdırmışıq. Mən dəfələrlə qeyd etmişəm ki, biz bu işin ardınca düşüb sonuna çatdırmalıyıq. Əlimizdə olan imkanlarla, qeyri-rəsmi məlumatlarla beynəlxalq ictimaiyyətə onu çatdırmalıyıq ki, doğrudan da, həmin ərazilərdə narkotikanın qeyri-qanuni tədavülü həyata keçirilir. Bu işlər də tək narkotika alverçilərinin varlanmasına xidmət etmir. Digər tərəfdən də Avropada, MDB-də yaşayan insanların səhhətinə və dövlətçiliyə zərbələrini ortaya qoymalıyıq”.

Ümumiyyətlə, bu problemin həllində cəmiyyətin hər bir təbəqəsi, kimliyindən asılı olmayaraq hər bir vətəndaş fəallıq göstərməlidir. Buna görə də cəmiyyətdə, xüsusilə, yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması üçün maarifləndirmə və təbliğat işlərinə diqqət yetirilməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maariflənməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırır. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.

 

 

Fuad HÜSEYNZADƏ

 

P.S. Bu yazı  Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin mənəvi və fiziki sağlamlığının qorunması üçün ictimai təşkilatlarla KİV-in birgə fəaliyyət proqramı” adlı layihə  çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir.