
Qara talelər və ya ağ ölüm
49 milyon 982 min manat
Sumqayıtda narkotik biznesindən bir il ərzində əldə olunan gəlirin həcmi təxminən bu qədərdir
Görülən tədbirlərə baxmayaraq şəhərdə narkomaniyanın genişlənməsinin qarşısını niyə almaq mümkün olmur?
“Bunu dostlarım məsləhət gördü. Onda 21 yaşım var idi. İşsiz-gücsüz idim, ancaq məhəllədə vaxt keçirirdik. Öncə tiryəkin dadına baxdım, sonra yeni nələrsə istəməyə başladım. Beləliklə, heroin istifadəçisinə çevrildim. Artıq 10 ildir ki, narkotikdən istifadə edirəm. İndi istifadə etmək istəməsəm də, artıq bu, məndən asılı deyil, məcburam” – deyə bu yaxınlarda narkotik istifadəçisi bizimlə söhbətində etiraf etmişdi.
Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə narkomaniyanın genişlənməsi xüsusilə son illərdə narahatlıq doğuracaq səviyyədədir. Ölkə üzrə qeydiyyatda olan narkomanların sayı ilin 7-ci ayının məlumatına görə, 26717 nəfərdir. Ancaq mütəxəssislər tərəfindən etiraf olunur ki, reallıq bu rəqəmin ən azı 5 qatı ilə ifadə oluna bilər.
Hazırda narkotik vasitələrin istifadəsinə görə Bakı, Salyan, Şirvan, Gəncə, Masallı, Gəlilabad, Lənkəran və Sumqayıt digər regionları qabaqlayır. Əhalinin sayı ilə nisbətdə götürdükdə isə “Gənclər şəhəri” adlandırılan Sumqayıt qara siyahıya “liderlik” edir.
Bəs görəsən, səbəb nədir? Şəhərdə bu baxımdan real vəziyyət necədir? Bu istiqamətdə nə kimi tədbirlər görülür? Görülmüş işlərə rəğmən narkomaniyanın səviyyəsi hansı səbəblərdən artmaqda davam edir.
Rəsmi statistika nə deyir?
Sumqayıt şəhər Narkoloji Dispanserdən verilən məlumata görə, 2012-ci ilin 6 ayının yekunlarına əsasən Dispanserdə qeydiyyatda olan xəstələrin sayı 3060 nəfərdir. Onların 1565 nəfəri narkoman kimi qeydiyyatdadır.
2010 və 2011-ci illərin sonuna, eləcə də 2012-ci ilin 6 ayına olan məlumatlar bu cürdür:
2010 2011 2012-ci ilin 6 ayı
Ümumi xəstələrin sayı 2812 2996 3060
Narkomanların sayı 1446 1541 1565
Qeydiyyata götürülən narkomanların sayı 111 106 75
Qeydiyyatdan çıxan narkomanların sayı 11 11
Təqdim etdiyimiz cədvəldən görünür ki, Narkoloji Dispanserin xəstələrinin yarısından da çoxu narkotik vasitələrin istifadəçiləridir. Narkomanların sayının dəyişmə dinamikası isə mənfi yöndədir. Belə ki, əgər 2010-cu ildə qeydiyyatda 1446 narkoman var idisə, 2012-ci ilin birinci yarısından sonra onların sayı 1565-ə çatıb. 2011-ci ilin 6 ayı ərzində 7 narkoman qeydiyyata alınıbsa, bu ilin ilk yarısından sonra bu rəqəm 11 olub.
2011-ci ilin 6 ayının göstəriciləri isə bu cürdür:
Ümumi xəstələrin sayı: 2860
Narkomanların sayı: 1461
Qeydiyyata götürülən narkomanların sayı: 22
Qeydiyyatdan çıxan narkomanların sayı: 19
2011-ci ilin 6 ayı ilə cari ilin 6 ayının rəqəmlərinbin müqayisəsi isə daha çox təəssüf doğurur. Belə ki, ötən ilin ilk yarısında əgər 22 narkoman qeydiyyata alınmışdısa, bu il anoloji göstərici üzrə rəqəm 75-ə çatıb. Opponent fikir olaraq qeydiyyatdan çıxmışların sayını da göstərmək mümkün deyil. Çünki ötən ilin ilk yarısında 7, bu ilin ilk yarısında isə 11 narkomanın qeydiyyatdan çıxması ciddi göstərici deyil. İllah da nəzərə alsaq ki, “qeydiyyatdan çıxmaq” – narkomanın sağalması anlayışı ilə ekvivalent təşkil etmir. “Qeydiyyatdan çıxarılanların əksəriyyəti dünyasını dəyişənlər və ya yaşayış yerini dəyişən şəxslərdir” – deyə Narkoloji Dispanserdən bildirilir.
Hətta zərif cinsin nümayəndələri də…
Təəssüf ki, “ağ ölüm”ün ardınca gedənlərin arasında zərif cinsin nümayəndələri də yox deyil.
Sumqayıt şəhər Narkoloji Dispanserdən verilən məlumata görə, 2011-ci ilin 6 ayından sonra Dispanserdə 78 qadın qeydiyyatda olub ki, onların da 56-sı narkomanlar olub. 2012-ci ilin ilk yarısında vəziyyət bir az da pisləşib. Qeydiyyatda olan 83 nəfərdən 62-si narkomandır. Bu, o deməkdir ki, narkotik istifadəçisi olan qadınların sayı da artmaqda davam edir.
Narkomanların tələbi:
“Bir narkoman həyatı boyu 15-35 narkoman yetişdirməlidir”
Narkomanların da “çörəyi” təbii ki, narkotik vasitələrin satışından çıxır. Odur ki, narkotik istifadəçilərinin sayının artması onların marağındadır. Bu biznesin inkişaf etdirilməsi üçün narkobaronlar müxtəlif vasitə və üsullardan istifadə edirlər. Bu sahənin mütəxəssis və araşdırmacıları qeyd edirlər ki, narkoticarətə rəhbərlik edən şəxslər narkomanların qarşısına tələb qoyurlar: “Bir narkoman həyatı boyu 15-35 narkoman yetişdirməlidir”.
Bu faktı Sumqayıt şəhəri Narkoloji Dispanserin baş həkimi Kamil Mehdiyev də xüsusi təhlükəli fakt kimi qeyd edir: “Narkomanların əksəriyyəti çalışırlar ki, varlı, imkanlı ailələrin uşaqlarını öz sıralarına qatsınlar ki, narkotik vasitə əldə etmək üçün yeni və daha yaxşı maliyyə mənbələri yaransın. Ancaq elələri də var ki, əksinə, özləri bu bəlaya, onun genişlənməsinə qarşı mübarizə aparırlar”.
K.Mehdiyev qeyd edir ki, narkotik aludəçilərinin asılılığı təkcə fiziki asılılıq deyil, həm də psixidir: “Onların çoxu narkotik qəbul etdiyi andaca növbəti doza və onu necə əldə etmək barədə düşünməyə başlayırlar”.
6 maşınını və 3 evini satmışdı…
Narkotik öz aludəçilərini zaman-zaman bütün qazandıqlarından məhrum edir. Dispanserin baş həkimi deyir ki, var-dövlərini itirən xəstələri çox olur: “Bir xəstəmiz var idi, uzun illər idi ki, narkotik istifadəçisi idi. Bu dövr ərzində 6 maşınını və 3 evini satmışdı, demək olar ki, heç nəyi qalmamışdı. Biz onu bir neçə ay müalicə etdik, müalicə və öz iradəsi hesabına bu yoldan çəkildi. İndi 4 maşın alıb, 2 mənzil. Deyir hələ 1 evim qalıb, bir də 2 maşınım – onları da geri almalıyam.
Görülən işlər niyə yetərincə nəticə vermir?
Əksəriyyət hesab edir ki, ölkəmizdə narkomaniyanın genişlənməsi, ilk növbədə, ölkəmizin coğrafi mövqeyi ilə bağlıdır. Azərbaycanın tranzit ölkə statusu narkotik vasitələrin də buradan daha çox keçməsinə səbəb olur. Əfqanıstan və İrandan Avropaya, Rusiyaya daşınan «mallar» Azərbaycan ərazisindən keçir. Beləliklə, ölkəmizdə də tədricən alıcıların, istifadəçilərin sayı artır. Narkoloji dispanserin baş həkimi K.Mehdiyev də elə bu fikirdədir: «Narkotik vasitələrin yayılma coğrafiyasına fikir verin: Əfqanıstan-İran-Azərbaycan-Avropa. Əfqanıstan-Orta Asiya-Azərbaycan-… və yaxud Ermənistan-İran-Azərbaycan və s. İrandan ölkəmizə müxtəlif yollarla narkotik vasitələrin keçirilməsi son illərdə xüsusilə artıb. Hətta İrana elə-belə gedən vətəndaşlarımıza da narkotik alveri varlanmaq yolu kimi təklif olunur. Taksi sürücüləri bizimkilərə bunu tez-tez təklif edir. Sanki iranlılar qarşılarına proqram qoyublar ki, Azərbaycana il ərzində nə qədər narkotik ötürməliyik».
Sumqayıtda isə narkomaniyanın bu qədər kök atması xüsusilə iki faktorla əlaqələndirilir: birincisi, bu şəhərə əvvəllər də, bu gün də ölkənin digər regionlarından miqrasiyanın güclü xarakter daşıması, ikincisi, işsizlik səviyyəsinin yüksək olması. K.Mehdiyev bütün bu faktorların narkomaniyanın yayılmasını stimullaşdırdığı fikri ilə razılaşmaqla yanaşı hesab edir ki, daha bir səbəb gənclərin asudə vaxtının təşkili üçün kifayət qədər yaxşı şəraitin olmamasıdır.
Gənc qız üçün narkotik diş ağrıkəsicisi ampluasında
Qeyd etdiyimiz kimi narkomanlar narkotik istifadəçilərinin sayının artmasında maraqlıdır. Bu, ilk növbədə yeni maliyyə mənbəyi deməkdir. Narkoloq N.Qubadov Sumqayıtda bir gənc qızın başına bu yaxınlarda gəlmiş olayı nəql edir: «Qonşuluğumuzda bir gənc qız var. Dişi ağrıyırmış. Qonşuda oğlan var, Lənkərandan gəlib, burada kirayənişin kimi yaşayır. Oğlan bu qıza təklif edir ki, al, bu dərmanı qoy dişinə, suyunu da ud, ağrı keçəcək. Qız bundan istifadə edir, doğrudan da ağrı keçir. Bu hal bir neçə dəfə təkrar olunur. Bir müddət sonra qızda qıcolmalar başlayır, həkim çağırırlar, müalicə alır, ancaq xəstəlik aradan qalxmır. Nəhayət, psixoloji söhbətlərdən və müayinələrdən sonra aydınlaşdı ki, qızın istifadə etdiyi «dərman» tiryək imiş».
Polis necə işləyir və «Mən işverən deyiləm» streotipi
Narkomaniyaya qarşı mübarizə aparan güc strukturlarının əksəriyyəti bildirir ki, bu bəlaya qarşı mübarizə aparmaq heç də asan deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu işdə xüsusilə əhalinin onlara yardım edə biləcəyini, ancaq vətəndaşların bu yöndə tərəddüd etdiyini qeyd edirlər.
Sumqayıt şəhər Polis İdarəsinin Narkobiznesə qarşı mübarizə Şöbəsinin rəisi Rauf Balaşov: «Sakinlərdən soruşduqda ki, bu ərazidə kimlər narkotik istifadə edir, əksəriyyəti cavab verir ki, mən «işverən» deyiləm, deyə bilmərəm. Narkomaniyanın qarşısının alınması üçün polislə ictimaiyyətin birgə fəaliyyət göstərməsi olduqca zəruridir».
Sumqayıt şəhər Polis İdarəsindən «168 saat»a verilən məlumata görə, 2011-ci ildə narkotik vasitələrlə bağlı 104 fatk aşkarlanıb. Onların 20-si satış faktıdır. Ümumilikdə, 8602,257 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Cinayət məsuliyyətinə cəlb olunmuş 94 şəxsdən 59 nəfəri 30 yaşına qədər, 35 nəfəri 30 yaşından yuxarı olan şəxslərdir. Saxlanılanların 3-ü əcnəbi, 1-i yetkinlik yaşına çatmayan, 60-ı isə əvvəllər məhkum olunmuşlardır. 2010-cu illə müqayisədə dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı 1304,619 qram çox olsa da, narkotiklərin satışı ilə bağlı aşkar edilmiş cinayətlərin sayı azalıb.
2012-ci ilin 8 ayı ərzində isə narkotik vasitələrin istifadə və satışı ilə bağlı 75 fakt aşkarlanıb. Onların 14-ü satışla bağlıdır. İlin 8 ayı ərzində dövriyyədən 6,5 kq narkotik vasitə çıxarılıb, ümumilikdə isə 61 nəfər saxlanılıb. Saxlanılanların 24 nəfəri 18-30 yaş, 37 nəfəri isə 30 yaşdan yuxarı olan şəxslərdir.
Cari ilin 6 ayı ərzində ötən ilin ilk yarısı ilə müqayisədə dövriyyədən 971,651 qram artıq narkotik çıxarılsa da və narkotik vasitələrin satışı ilə bağlı aşkar edilmiş cinayətlərin sayı çox olsa da, güclü təsirə malik olan narkotik vasitələrin çəkisi azalmışdır.
Və əsl katostrofik rəqəmlər
Rəsmi olaraq Sumqayıtda 1516 narkoman qeydiyyatdadır. Qeyd etdiyimiz kimi bu, reallığın oluduqca cüzi hissəsidir. Elə narkomanları qeydiyyata alan dispanserdə də etiraf edirlər ki, faktiki olaraq şəhərdə bundan bir neçə dəfə çox narkotik aludəçisi var: «Bizdə qeydiyyatda olanların çoxusu cinayət faktlarından sonra narkotik istifadə etdiyi aşkarlanmış şəxslərdir. Çox az hallarda kimsə özü müalicə olunmaqçün müraciət edir».
Bu sahənin təhlilçiləri, elə dispanserin həkimləri də qeyri-rəsmi şəkildə etiraf edirlər ki, şəhərdə qeydiyyatda olandan təxminən 5 dəfə artıq narkotik istifadəçisi var.
Bu, nə deməkdir? Bu, o deməkdir ki, şəhərdə riyazi hesablama ilə faktiki olaraq 7825 nəfər narkotik istifadəçisi var. Bu isə o anlama gəlir ki, Sumqayıtda hər 63,9 nəfərə biri narkotik aludəçisidir (Sumqayıtda hazırda 500000 əhali yaşayır).
Nəzərə alsaq ki, narkotik aludəçilərinin hər biri orta hesabla gündəlik olaraq 0,5 qram narkotik istifadə edir, bu, o deməkdir ki, 1 gün ərzində şəhərdə 3912,5 qram narkotik alınıb-satılır. 1 qram narkotik maddənin qiyməti 30-40 manat arasında dəyişir. Deməli, bir gün ərzində şəhərdə narkotik biznesində orta hesabla 136937,5 manat vəsait dövr edir. Bir ay ərzində bu məbləğ təxminən 4176593,75 manata çatır. Narkotik biznesinin şəhərdəki bir illik dövriyyəsi isə daha katostrofik rəqəmlə ifadə olunur: 49982187,5 manat (49 milyon 982 min 187,5 manat).
Bax belə. Yəqin ki, sonuncu rəqəm həyəcanlanmağa və hərəkətə keçməyə əsas verməlidir.
Vüsal Mətləboğlu, “168 SAAT”