Əsir anası İŞİD-ə yazdı

İŞİD döyüşçüləri tərəfindən girov götürülmüş və edam olunmaqla hədələnən 2-ci Amerikalı jurnalistinin anası video yazdıraraq, oğlunu tutanlara müraciət edib.

ANS PRESS-in məlumatına görə, Mayamidə yaşayan Şirli Sotlof, “İslam Dövləti” qruplaşmasının liderinə səslənərək, oğlunu azad buraxmalarını xahiş edib.

Yaxın Şərqin bir sıra telekanallarında yayımlanan bu videomüraciətdə, xanım Sotlof oğlunun Amerika hökümətinin Yaxın Şərqdəki əməllərinə görə cavab verməli olmadığını bildirib.

Jurnalist anası, oğlunun iş başında olarkən zəiflərin və zülmə məruz qalmışların qayğısına qaldığını qeyd edib.

Qeyd edək ki, İŞİD bir müddət əvvəl Amerikalı jurnalist Ceymz Folini edam etdikdən sonra növbəti qurbanın 31 yaşlı Stiven Sotlof olacağını xəbərdar etmişdi. Videomüraciətdə İŞİD cəlladı daha bir edamın baş verməməsi üçün şəxsən Obamaya səslənərək, “İslam dövləti” qruplaşmasına qarşı aviahücumlara son qoymağı tələb etmişdi.

AĞ Evin ananın videomüraciətinə reaksiyası özünü çox gözlətməyib. ABŞ prezidenti Barak Obamanın mətbuat katibi Coş Ernest Ağ Ev rəhbərinin həmin videoya baxıb-baxmadığından xəbəri olmadığını desə də administrasiyanın Yaxın Şərqdə girov olan bütün Amerika vətəndaşlarının azad edilməsi istiqamətində əlindən gələni etdiyini qeyd edib.

Ağ Evin mətbuat katibi bildirib ki, “Videomüraciətdən də görünür ki, o, oğlunun təhlükəsizlik və sağlamlığı üçün çox narahatdır, bu, başa düşüləndir. Ona görə də fikirlərimiz və dualarımız cənab Sotlofun ailəsilədir”. (anspress)