Avrointeqrasiya Komitəsi niyə fəaliyyətsizdir?

Avrointeqrasiya Komitəsi niyə fəaliyyətsizdir?
Ruhəngiz Hüseynova: “Tədbir keçirmək üçün yerimiz, koordinator saxlamaq üçün maliyyəmiz yoxdur”

Oktyabrın 9-da keçirilən prezident seçkisinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mənfi rəy verməsindən, oktyabrın 23-də Avropa Parlamentinin seçkilərin beynəlxalq standartlara uyğun olmadığına dair qətnamə qəbul etməsindən sonra Azərbaycanla Avropanın siyasi institutları arasında münasibətlər soyuyub.
Hətta, Azərbaycan nümayəndə heyəti AvroNest PA-da fəaliyyətini dayandırdığını bəyan edib. Belə bir məqamda münasibətləri yaxşılaşdıra biləcək faktorlardan biri kimi çıxış etməyə qabil Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin fəaliyyəti hiss olunmur.
Halbuki, komitə fəaliyyət göstərdiyi dövrdə Avropa strukturları ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində xeyli müsbət işlər görməyə müvəffəq olmuşdu. Bəs, təşkilatın fəaliyyəti niyə nəzərə çarpmır?
Qurumun aktiv üzvlərindən olmuş “Qadınlar arasında həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova bildirib ki, sözügedən komitə, həqiqətən də, Avropa strukturları ilə münasibətlərin normallaşması istiqamətində mühüm rol oynaya bilərdi: “Məsələ ondadır ki, seçkilərlə bağlı hansısa nöqsan deyilə, qətnamə qəbul oluna bilər. Bunlar hamısı təbii şeylərdir. Əsas odur ki, bizim yönümüz Avropaya tərəf olsun. Hər seçkidən-seçkiyə Avropaya bir addım da yaxınlaşmalıyıq. Sözün açığı, bizim ayrı yolumuz da yoxdur. Biz hara gedəcəyik? Üzümüzü Çinə, yoxsa İrana doğru tutacağıq? Ona görə də çalışıb Avropa ilə yaxınlaşmaq lazımdır. Bu işdə vətəndaş cəmiyyətinin üzərinə də çox böyük vəzifələr düşür”.
R. Hüseynova Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin fəaliyyət göstərməməsinin səbəblərinə də toxunub. O qeyd edib ki, bu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros Fondu) Azərbaycanda öz fəaliyyətini dayandırması ilə bağlıdır: “Milli Komitə dəyirmi masalar təşkil edir, hər dəfə yeni üzvlər qəbul edir, müəyyən rəsmi görüşlər keçirirdi. Doğrudan da, Avropaya inteqrasiya istiqamətində addımlar atılırdı. Biz vətəndaş cəmiyyəti olaraq öz mövqeyimizi ortaya qoyurduq, qurum daxilində müxtəlif komissiyalar fəaliyyət göstərirdi. Bütün bu işlərə həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən Soros Fondu, onun sədri dəstək verirdi. Bundan əlavə, biz fondun ofisində yığışırdıq, orada bizə hər bir şərait yaradılmışdı. Bundan əlavə, şəbəkə, koordinator var idi. Hansı ki, həmin koordinator daim bizimlə işləyirdi, bütün beynəlxalq sənədləri bizə göndərirdi. Soros Fondu Azərbaycanda öz fəaliyyətini dayandırdıqdan sonra Avrointeqrasiya Milli İctimai Komitəsi də, demək olar ki, öz fəaliyyətini dayandırdı. Ona görə ki, artıq bizim tədbirlər keçirmək üçün yerimiz, koordinator saxlamaq üçün maliyyəmiz yoxdur. Əsas səbəb budur. Digər səbəb isə yəqin ki, fəaliyyətimizi dayandırdığımız dövrdə komitəyə həmsədrlik edən şəxslərin müəyyən qədər zəifliyidir”.
Bununla belə, R. Hüseynova həmin vaxt komitəyə kimin sədrlik etdiyini xatırlamadığını vurğulayıb: “Əsas səbəb bu deyildi. Əsas səbəb tədbirləri keçirmək üçün yer və maliyyənin yoxluğudur. Amma yenə də həmin insanlar fəaliyyət göstərir, yenə də öz fikirləri, əqidələri ilə Avropaya inteqrasiyanı təşviq edirlər”.
Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli isə bildirib ki, sözügedən komitə vətəndaş cəmiyyəti quruculuğunda, siyasi həyatında fəal iştirak etmiş insanların təşəbbüsü ilə yaradılmışdı. Ə. Abbasbəyli də bildirib ki, komitəni Soros Fondu maliyyələşdirirdi: “Maliyyənin məhdud olmasına baxmayaraq kifayət qədər iş görülürdü. Komitədə təmsil olunan şəxslər öz sahələri üzrə sözlərini demiş insanlar idilər. Təəssüf ki, son bir ildə komitə ümumiyyətlə yığışmır. Ancaq mən bunun Soros Fondunun fəaliyyətinin dayandırılması, yaxud komitə üzvlərinin işlərinin çoxluğu ilə bağlı olub-olmadığını bilmirəm. Amma bu gün komitə Azərbaycanın Avropa strukturları ilə münasibətlərinin normallaşmasında müəyyən işlər görə bilərdi”.