Ailədaxili münasibətlərin düzgün, sağlam olması uşaqların psixi sağlamlığına təsir edir

Ailədaxili münasibətlərin düzgün, sağlam olması uşaqların psixi sağlamlığına təsir edir
Hər bir insan elə yaşamağa meyillənməlidir ki, onun əməlləri, fikir və düşüncələri, həyata, insanlara, özünə münasibəti və əxlaqı elə bir dünyagörüşün prinsipləri ilə tənzimlənsin ki, onun işığı parlaq və ləkəsiz olsun.
Bu cür yaşam tərzinin tədbirlərinə uşaq ana bətnində olduğu vaxtdan , ananın sağlamlığının qayğısına qalmaqla başlanılmalıdır. Uşaq dünyaya gəldiyi ilk günlərdən psixogigiyenik tədbirlərə cavab verən sağlam mühitlə əhatə olunmalı və ona göstərilən qayğı və nəvaziş tərbiyəvi xarakter daşımalıdır. Ailədaxili münasibətlərin düzgün, sağlam olması uşaqların psixi sağlamlığına təsir edir və onun bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Unutmamalıyıq ki, uşağın tərbiyə olunmasında ən məsuliyyətli mərhələ bioloji və psixoloji keçid dövrü olan yeniyetməlik dövrüdür. Bir dəfə Sokratdan soruşurlar: “Sən nə üçün yeniyetmələrlə həmsöhbət olursan? ” Dedi: ” Ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”.
Cinsi yetişkənlik dövründə əmələ gələn fizioloji dəyişikliklər onların davranışına mühüm təsir göstərir və bu da güclü bir enerjinin doğulmasından xəbər verir ki, bu enerji ehtiyatlı yanaşma tərzi tələb edir. Çox zaman ailənin, sosial institutların sərt, laqeyd və avtoritar münasibəti bu enerjini zərərli istiqamətə yönəlməsinə gətirib çıxara bilər. Bu istiqamətlərdən biri də “ağ ölüm ” adı ilə tanınmış narkomaniyadır. Narkomaniya yaşadığımız dövrdə ən aktual xəstəliklərindən biridir.
Narkomaniya yunanca “narke – donub qalma,” mania”- psixi pozuntu dəlilik sözündən götürülüb. Narkomaniya yalnız tibbi anlayış kimi deyil, həm də ictimai və hüquqi, psixoloji bir problem kimi nəzərdən keçirilir. Narkotik maddələrə hərislik uzaq keçmişdən məlumdur. Belə ki, bu maddələrdən bəzi xəstələri sakitləşdirmək, əhval-ruhiyyəni yüksəltmək məqsədilə istifadə edilərdi.
Müasir dövrümüzdə əsasən gənclər arasında yayılan bu ictimai bəla son illər daha da artmışdır. Lakin nəzərə alaq ki, SSRİ dövləti tərkibində yaşadığımız 70 il ərzində narkomaniya probleminə qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışılmış və nəticə etibarı ilə, asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin qol-qanad açmasına şərait yaranmış, antinarkotik təbliğat və maariflənməyə isə məhəl də qoyulmamış və narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən gizlədilmişdir. Lakin Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminin üzərindən də pərdələr götürüldü və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxdı. Bir sözlə, problemə münasibətdə yeni mərhələ başladı. Lakin narkomaniyanın qarşısını almaq üçün son illərdə dövlət səviyyəsində görülən tədbirlərin sayı artsada bütün bunlar cəmiyyətimizə dəhşət saçan ağ ölümlə mübarizə üçün kifayət etmir. Narkomaniya ilə mübarizədə Vətəndaş cəmiyyətinin də, üzərinə öhdəliklər düşür və problemin həlli istiqamətində QHT-lər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışmalıdırlar. Əlbətdəki son illərdə bu sahədə bir neçə QHT-nin fəaliyyəti danılmazdır. Lakin diqqət yetiriləsi məqamda ondan ibarətdir ki, bu cür tədbirlərin daha çox Bakıda keçirilməsinə üstünlük verilir. Təbii ki bu bəlaya düçar olanların əksər hissəsi şəhərdə məskunlaşır amma nəzərə almaq lazımdır ki narkomaniya get-gedə bölgələrimizdə də sürətlə yayılır. Bunun qarşısını almaq üçün təkcə Bakı da yox, həmçinin regionlarda gənclər üçün narkomaniya əleyhinə maarifləndirmə xarakterli təlimlər və aksiyalar təşkil olunmalı, məlumat xarakterli buklet və buraşuralar hazırlanmalıdır. Həmçinin dövlət orqanları da narkomaniyaya qarşı mübarizədə Vətəndaş Cəmiyyətindən öz köməkliyini əsirgəməməli, uğurlu nəticə əldə etmək üçün, bu işdə onlara köməklik göstərməlidir. Eyni zamanda bir məsələni də diqqətdən qaçırmaq olmaz ki, bu prosesdə ailələrin də rolu böyükdür.

4 saylı qadın cəzaçəkmə müəssisəsinin psixoloq- konsultantı, Bakı Dövlət Universitetinin müəllimi Mətanət Zahid qızı Mahmudovanın sözlərinə görə – Narkotik maddələrin orqanizmə təsiri çoxcəhətlidir. Ailə tərbiyəsinin qeyri-qənaətbəxş olması , psixopatik, mənəvi davamsız, iradəsi zəif , təlqinə həssas, psixikası yetkin olmayan, intellekti aşağı olan şəxsiyyətin yetişməsində mühüm rol oynayır ki, bu da narkomaniyaya köklü bir şərait yaradır. Narkomaniyanın yaranmasında və inkişafında əsas səbəblərdən xarakter xüsusiyyətini, psixoloji və fizioloji pozuntuları, eyni zamanda bir sıra müxtəlif səpgili, təsiri az əhəmiyyətli olmayan sosial faktorlarında mühüm rol oynamasını unutmaq olmaz. Fiziki və psixoloji asılılıq yaradan narkotik maddələr, insan həyatını amansız bir çarxın üzərinə qoyur və bu da şəxsiyyətin deqrodasiyasına gətirib çıxarır. Lüzumsuz adət davam etdikcə insanda ictimai marağın enməsi, ailə üzvlərinə laqeydlik və bir sıra sosial davranış qaydalarının pozuntuları baş qaldırır.
Bəşəriyyətin bəlasına çevrilən, səssiz bir müharibə şəraiti yaradan , bir çox ailələlərin göz yaşına səbəb olan bu fəlakət daha neçə ananın göz yaşına, fəryadına, ümidsizliyinə yol açacaq?
Bu suala cavab tapmaq hər kəs kimi mənim üçündə çox çətindir və bu tezlikdə bu suala cavab yoxdur desəm özümü dürüst, həqiqi reallıqdan uzaq olmayan biri kimi hiss edərəm. Düşünürəm ki, reallığı dərk etmək bu fəlakətdən yaxasını qurtarmaq istəyən insanlara yardım etməkdə mənə daha çox imkan yaradar. Necə deyərlər xəstəliyi yox, xəstəni müalicə etmək lazımdır. Xəstənin narkotik asılılıqdan effektiv, müalicə oluna bilməsi isə onun bu prosesə fəal münasibəti ilə müəyyən edilir. Başqa sözlə desək, terapevtik tədbirlər, şəxsin könüllü surətdə razılığı olduqda müvəffəqiyyətli ola bilər. Təbii ki, xəstənin narkotik maddələri əldə edə bilməsinin qarşısını almaq, əhatəsində olan narkomanları kənar etmək düşündüyümüz qədər asan olmur. Xəstəni narkotik maddələrdən dərhal və ya tədricən ayırmaq olar, lakin bu zaman şəraiti, fərdi xüsusiyyətləri, xəstəliyin şiddətini nəzərə almaq lazımdır. Müalicəyə mümkün qədər tez başlamaq, həkimin nəzarəti altında olmaq, psixoterapevtik tədbirlərlə yanaşı sosial yardım formalarından da istifadə edilməlidir. Şəxsin əmək fəaliyyətinə qayıtmasında, onun fəal həyat mövqeyinin bərpa olunmasında ailə üzvlərinin rolu mühüm əhəmiyyət kəsb edir. Onun ailəsi tərəfindən dəstəklənməsi, onlar üçün onun nə qədər dəyərli və sevimli olduğunu duyması müalicənin gedişatına yalnız uğur və qələbə qazandıra bilər. Tibbi müalicə nə qədər səmərəli olsada, bünövrəsi sağlam, damarı sevgi ilə dolu olan ailə, insana kainat tərəfindən bəxş olunmuş bir xəzinədir. Bu xəzinənin qədrini bilmək, ona dəyər vermək, zamanında ona sahib çıxmaq gücünə malik olmaq, bizim həyatda əldə edə biləcəyimiz ən mühüm vəzifələrimizdən biridir. Xoşbəxt insan bu hikməti zamanında anlayıb, fürsəti əlindən verməyənlərdir.

 

“Bu yazı Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin mənəvi və fiziki sağlamlığınln qorunması üçün ictimai təşkilatlarla KİV-in birgə fəaliyyət proqramı” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim olunur”

Nisə Rəhimova

Oxucu.com